Əksər brendlər gündəmi yaxından izləyərək və ya bəzən özləri gündəm yaradaraq yaddaşlarda qalmağı bacarırlar.
Necə?
“Real time” marketinq strategiyasından istifadə edərək. Bir çox brendlər bu üsulla hədəf auditoriyasına “mən varam” mesajını ötürürlər.
“Real time” marketinq nədir?
“Real time” marketinqi brendin gündəmdə olan və hər kəs tərəfindən müzakirə olunan hadisələrin və vəziyyətlərin onun korporativ üslubuna uyğun olaraq yenidən şərh edilməsidir.
“Real time” marketinqin vacib nüansları:
Cəldlik (Sürət)
Zamanlama “real time” marketinqin ən vacib elementidir. Trendlər, gündəmlər, tabloid hadisələr çox vaxt gözlənilməz və ani olur. Buna görə də markaların hadisələri qabaqlaması mümkünsüzdür. Qısacası brendlər hadisələrə cəld reaksiya verməlidirlər. Bu səbəbdən brendin marketinq menecerləri və ya agentliklər daim ani yaranacaq fürsətlər üçün hazırlıqlı olmalı və cəld reaksiya verməlidilər.
Məlumatlılıq
Baş verən hadisəyə düzgün yanaşma və ötürdüyün məlumatın dəqiqliyinə əmin olmaq vacibdir. Səhv yanaşma brendin imicinə zərər yetirə bilər.
Yaradıcılıq
İstehlakçılar hazırda brendlərin xidmətlər və ya məhsullar qədər yaradıcı olmasını gözləyirlər. Sənaye mütəxəssisləri bu vəziyyətdən xəbərdardır və buna görə də yaradıcı olmaq üçün hər fürsətdən istifadə edirlər. Müştərilərlə qurulan standart kommunikasiya rəqabətdə uduzmağa səbəb ola bilər. “Real time” marketinqin diqqət mərkəzi yaradıcılıqdır. Gündəmi əhatə edən mesaj əlaqəli və qısa zamanda marağa səbəb olmalı, bəzən isə istehlakçı/izləyicidə təbəssüm yaratmalıdır.
“Real time” marketinq istiqamətində getmək vacibdir, çünki onlar brendə məlumatlılıq, etibarlılıq və sadiqlik kimi dəyərlər qatırlar. Belə ki, brendlər gündəmi izləyərək daha geniş auditoriyaya çıxış əldə edə bilirlər. Bu səbəbdən “real time” marketinq əhəmiyyətli strategiyalardan biridir.
“Real time” marketinqi ilə ehtiyyatlı olmağa dəyər. Buraxılmış bir səhv hədəf auditoriyanızı sizə qarşı çevirəcəkdir. Həmçinin marketinq strategiyasından istifadə edərkən tənqidə də hazır olmalısınız, çünki bu strategiya hər zaman uğura aparmır.
Qlobal reklamda “real time” marketinqin istifadəsinin ən parlaq nümunəsi kimi “Snikers” reklamını göstərmək olar. 2014-cü ildə “FIFA” Dünya Kuboku oyunu zamanı jurnalistlərin və azarkeşlərin diqqətini uruqvaylı futbolçu Luis Suaresin italiyalı müdafiəçini dişləməsi çəkdi. Bir saat ərzində “Twitter” istifadəçiləri bu hadisə haqqında 300.000 tvit paylaşdılar . Bir neçə brend bu anı dəyərləndirməyə çalışsa da, “Snickers” ən yaxşısını etdi: “Salam Luis Suarez. Növbəti dəfə ac olan zaman, sadəcə “Snikers” ye.”